az ru en
Ana səhifə
Untitled Document

Çindən başlanan dəvəquşu karvanı
 

     Dəvəquşu deyəndə göz önünə Afrika və Avstraliya gəlir. Ensiklopedik dərgilərdə işə vaxtilə Avrasiyada da dəvəquşularının yaşadığı vurğulanır. Yüzilliklər boyunca ovçular bu quşlari qırıb-tükədiblər, onlar haqqında anımlar, sadəcə bölgə xalqlarının folklorunda qalıb. Ancaq ötən yüzilliyin 80-90-ci illərindən sonra dəvəquşular yenidən Avrasiya bölgəsinə qayitmaqdadirlar. Türkiyədə, Rusiyada, Ukraynada, Qərbi Avropada, Çində və s. ölkələrdə iş adamlari yeni-yeni dəvəquşu fermaları açmağa başlayiblar. Azərbaycan da bu ölkələrin sırasındadır və MDB məkanının ən iri dəvəquşu təsərrüfatı məhz buradadır.
     Avrasiya məkanında dəvəquşularının yaşaması barədə ən qədim məlumatlar Çin qaynaqlarında saxlanır. Bu qaynaqlarda İsanın doğuşundan öncə I-II yüzilliklərdə Çində dəvəquşularının yaşadığı bildirilir. Çinin Xan sülaləsindən olar bir imperatorun qəbrinin üstündə dəvəqüşu şəkli çəkilib, qədim Çin ensiklopediyasinda da dəvəquşundan bəhs edilir. Rusiyanin “Flor Animal” elmi araşdirma qurumu bildirir ki, daha qədimlərdə Ukraynanın cənubunda, Qazaxıstanda və Mərkəzi Asiyada da dəvəquşular yaşayib. Bu bölgələrin xalqlarının folklorunda dəvəquşu ilə bağlı deyimlər saxlanılıb. Təsadüfi deyil ki, xalqların çoxu bu quşları eyni cür - dəvəyə bənzədərək adlandırırlar. Məsələn, latinca”struthio camelus” adının hərfi tərcüməsi dəvəquşu deməkdir. XX yüzilliyin 20-ci illərinə kimi Avrasiya məkanında dəvəquşular təbii halda, Suriyada və Ərəbistan çöllüyünün şimalında yaşayırdılar. XIX yüzilliyin sonlarında və XX yüzilliyin əvvəllərində Avropadan gəlmiş ovçular dəvəquşularini kütləvi şəkildə qırmağa başlayıblar. Avropalılar dəvəquşularını sadəcə lələklərinə görə öldürürmüşlər. Həmin dövrlərin rus mətbuatının yazdığına görə, 1875-ci ildə təkcə indiki Birləşmiş Ərəb Əmirliklərinin ərazisindən 2 milyon 325 min rublluq dəvəquşu lələyi aparıblar. Həmin dövrdə 1 rus rublu 1 gram qızıla bərabər götürülüb. Bu, təxminən 2,3 ton qızıla bərabər bir məbləğ idi və həmin pulla Avropada 500 min ədəd qoyun almaq olardı.
     İki ilə yaxındır ki, Azərbaycanda da dəvəquşu təsərrüfatı yaradılıb. Xırdalanda yerləşən “Straus” MMC-nin təsisçisi Əli Bayramovun dediyinə görə, onun bu işə başlamasının kökündə əsasən maraq durur: “Bu quşla əvvəldən maraqlanırdım, televiziya verilişlərinə çox baxırdım. Sonra bunun təsərrüfatlarda saxlandığını gördüm, ətinin, dərisinin, tüklərinin keyfiyyətli olduğunu öyrəndim. Marağım o qədər artdı ki, onlar barədə məlumat əldə etmək üçun Türkiyəyə getdim. Toqatda, Lülə-Burqazda dəvəquşu təsərrüfatları var, onların hamısını gəzdim. Daha sonra Rusiya və Çindəki təsərrüfatlara baxdım, bunun saxlanma texnologiyasını öyrəndim. Ukrayna və Belarusda, hətta Qazaxıstanda da dəvəquşu təsərrüfatlarını görəndən sonra Azərbaycanda belə bir təsərrüfat açmağı qərara aldım”. Əli Bayramov 2004-cü ilin aprel ayinda dəvəquşu təsərrüfatını yaratmağa başlayıb. Bunun üçün Cənubi Afrika Respublikasından 200-ə yaxın dəvəquşu gətirilib, 60-ı damazlıq-yumurtlayan, qalanları erkək və gənc dəvəquşuları olub. Hazırda təsərrüfatda 1000-ə yaxın dəvəquşu var. Qeyd edək ki, Xırdalandakı təsərrüfat keçmiş SSRİ məkanında ən böyükdür. Çünki dəvəquşularının artımı təsərrüfatın özündə həyata keçirilir. Ancaq Rusiyada bəzi böyük təsərrüfatlar Cənubi Afrikadan mütəmadi olaraq 2000-ə yaxın cücə gətirirlər, 4-5 ay ərzində onlari böyüdürlər, daha sonra kəsimə başlayırlar. Bu, əsil dəvəquşu təsərrüfatı sayılmır. Damazlıq saxlanan, yumurta əldə edilən və ondan cücə çıxaran, cücə böyüdülən və damazliq sürü yetişdirilən kompleks müəssisələr-əsil təsərrüfat sayılır.